Həyat hekayələri | Onu dəli elədilər

Həyat hekayələri | Onu  dəli elədilər
  20 May 2013    Oxunub:2384
Səfurə Çərkəzqızı

...Onu bərk-bərk qucaqlamışdım. Ürəyimin döyüntüsü qulaqlarımı dəlirdi...
Qəhərə birtəhər güc gəlib, pıçıldadım:
- Nə yaxşı, səni tapdım... Səndən ötrü elə darıx...
Sözümü ağzımda qoydu:
-Mən əvvəlki deyiləm! Məni heç kəs anlamır!
Qəfildən qışqırmağa başladı, üz-gözü pörtdü, gözləri bərəldi...
Qorxdum. Diksinib ayıldım:
- Bismillah!

Yuxum məni çoxdankı arzuma qovuşdurmuşdu. Uzun illəriydi görüşmürdük.
Həmin gün söz verdim ki, daha bu işi sonraya saxlamayacam. Bu gün mütləq onu görməyə gedəcəm...

...O qızla tələbə vaxtı bir yataqxanada, bir otaqda qalmışdıq, qayğılarımız, dərdlərimiz eyniydi. Biz ev-eşiyini itirən, əvəzində məçburi köçkün adını qazanan valideynlərin, hər gün “yox”un qara üzünü görməyə qatlaşan tələbə balalarıydıq. Amma arzularımız yoxsul deyildi. Mən yaxşı jurnalist, o isə şərqşünas alim olmaq istəyirdi. Üstəlik, gözəliydi, ağıllıydı...

... Elə həmin gün sözümü tutub, onu görməyə getdim. Uçuq, miskin komalar, yarımçıq binalar... Bura evləri kimi həyatı da yarımçıq, sınıq olanların məskənidir. Burda , elə bil, həyat bircə rəngdədir- BOMBOZ! Ürəyim sıxıldı:
-Adam burda dəli olar! Çarəsiz camaat!!!

...Yarım saatdan çoxuydu ki, o, bağlı qapının o tayında, mənsə bu tayındaydım. Məni görmək istəmirdi!!! Məni tanımırdı!!! Mənsə əl çəkmirdim. Elə bilirdim, onu görsəm, keçmişləri yada salsam, anasının dedikləri, gördüklərim, eşitdiklərim - hamısı yalan olacaq. Amma bağlı qapı açılmadı...

Birdən qışqırmağa başladı. Səsində, elə bil, dəhşət, qorxu, yalvarış bir-birinə qarışmışdı. Eyməndim... Səs qəfildən kəsildi. Bir az sonrasa qapının arxasından çox sakit, təmkinli bir səs eşitdim:
- Get, adını xatırladım, amma obrazın yadımda deyil...

Mənim gerçəyə təslim olmaqdan başqa yolum qalmamışdı: O, ağlını itirmişdi!!!

...Məni bir şey də dəhşətə gətirmişdi - anasının sakitliyi. Qadın bütün bunları o qədər adi qarşılayırdı ki, az qalırdım, arvadın yaxasından tutub silkələyəm, çimdikləyəm, bağıram...

- Ay bala, özünə əziyyət vermə, açmayacaq. Gününün çoxunu, bax, o otaqda keçirir. Acanda, susayanda gəlir, yeyir, içir, sonra yenə ora girir. Öz-özünə qışqırır, ağlına gələni danışır... Başı pozulub dəə...
- Nə vaxtan belədir?
- Çoxdan, altı-yeddi il olar.
- Həkimlər nə deyir?
- Həkimə aparmamışıq.

Az qala ağlım başımdan çıxacaqdı:
-Nəəə?!
- Təzə xəstələnəndə birini evə gətirdik, yaxınına qoymadı. Onunku həkimlik deyil, cadu eləyiblər! Cadu eləyənin evi yıxılsın! Cadu elədilər, balam ərə də gedə bilmədi..!
- Nə cadusu, bəsdi..!
- Cadu yıxmayan evi kim yıxar!?
- O, hardasa işləyirdi?
- Yox, ay bala, qardaşları qoymadılar. Dedilər, otur evdə.

Özümü saxlaya bilmədim, ağlamaq tutdu məni:
- Yazıq! Burda necə otursun? Buralar onun yeri deyil...
- Yad yerdi, ay bala, kəndimiz olsaydı, nə vardı, bir yerdə işləyərdi. Bu şəhərdə kim-kimi tanıyır? Bəlkə də, atası rəhmətə getməsəydi...
- Barı buralarda, qonşuda dərdləşdiyi bir adam vardı?
- Yox, adam nə gəzir?! Burda onun tayı-tuşu var? Heç kəslə danışıb-eləmirdi, deyirdi, onlar mənlik deyillər...

...O evdən çıxanda öz ağlımın yerində olduğuna şübhə eləyirdim...


Teqlər:  





Xəbər lenti